Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər Halqasında fərqli idman tədbiri - BCC F1 Weekend Run qaçışı keçirilib.
Milli.Az xəbər verir ki, təxminən 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik tam dövrəsini qət edib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
Qaçış saat 22:00-da başlayıb. İştirakçılar Formula 1 bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.
BCC F1 Weekend Run sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunub. Bu dəfə əsas məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana olan sevgi olub.
Qaçış Qran-Pri həftəsinin tədbirlərindən birinə çevrilərək iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Müəllif: Tural Hüseyn