Azərbaycan nefti 121 dolları keçdi

24 Sentyabr 2026 09:58

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,69 ABŞ dolları və ya 3,13 faiz artaraq bir barel üçün 121,43 ABŞ dollarına çatıb.

Milli.Az xəbər verir ki, bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,71 ABŞ dolları və ya 3,34 faiz artaraq 114,72 ABŞ dolları təşkil edib.

"Urals" markalı xam neftin qiyməti də 4,08 ABŞ dolları və ya 5,18 faiz artaraq bir barel üçün 82,87 ABŞ dollarına yüksəlib.

Şimal dənizində hasil olunan "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 3,43 ABŞ dolları və ya 2,95 faiz azalaraq 119,86 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

"Trading Economics"in məlumatına görə, cümə axşamı xam neftin qiyməti bir barel üçün 92 ABŞ dollarından aşağı düşüb. Buna ABŞ-İran danışıqları ətrafında qeyri-müəyyənliyin artması fonunda əvvəlki sessiyada əldə olunan artımın bir hissəsinin itirilməsi səbəb olub.

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasındakı çıxışında Tehranın təhdidlər qarşısında geri çəkilməyəcəyini bildirib. O, İranın iqtisadi inkişaf məqsədilə nüvə texnologiyasını inkişaf etdirmək hüququndan imtina etməyəcəyini qeyd edib.

Pezeşkian həmçinin bildirib ki, sanksiyalar və ABŞ-ın blokadası qüvvədə qaldığı müddətdə İran Hörmüz boğazında gəmiçilik azadlığına icazə verməyəcək.

ABŞ-ın energetika naziri Kris Rayt isə Donald Tramp administrasiyasının xaricə dizel yanacağı tədarükünə rəsmi qadağa tətbiq etmək əvəzinə, ölkədəki neft emalı şirkətləri ilə dizel ixracının könüllü şəkildə azaldılması üzərində çalışdığını bildirib.

Bu arada Səudiyyə Ərəbistanı mühüm Şərq-Qərb neft kəməri vasitəsilə neft ixracını bərpa etmək üçün addımlar atır.

Ukrayna Prezidenti Volodimir Zelenski də Donald Trampla enerji obyektlərinə qarşı atəşkəs məsələsini müzakirə etdiyini bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)