Mətbəxdə dəyərsiz bir tullantı kimi görünən zeytun tumları sərt və dözümlü strukturları sayəsində evdə və bağda faydalı vasitəyə çevrilə bilər. Təmizlənib qurudulmuş tumlar dibçəklərin alt hissəsində istifadə oluna, komposta əlavə edilə və hətta uyğun şərait yaradıldığı təqdirdə yeni zeytun ağacı yetişdirmək üçün dəyərləndirilə bilər.
Milli.Az xəbər verir ki, zeytun tumlarının istifadə sahələrindən biri də dibçəklərdə drenaj təbəqəsi yaratmaqdır. Bunun üçün tumların üzərindəki ətli hissənin tamamilə təmizlənməsi, yaxşıca yuyulması və qurudulması vacibdir. Hazırlanmış tumlar torpaq əlavə edilməzdən əvvəl dibçəyin aşağı hissəsinə bir qat şəklində düzülə bilər. Bu üsul artıq suyun axıdılmasına kömək edərək köklərin ətrafında su yığılmasının qarşısını alır.
Komposta əlavə edilərək dəyərləndirilir
Sərt strukturlarına görə təbiətdə parçalanmaları uzun müddət çəkən zeytun tumları komposta da qatıla bilər. Tumların əvvəlcədən əzilməsi və ya kiçik hissələrə bölünməsi çürümə prosesini sürətləndirir. Onlar meyvə qabıqları və istifadə olunmuş çay yarpaqları kimi nəmli orqanik tullantılarla birlikdə kompostun tərkibində istifadə oluna bilər.
Tumdan zeytun ağacı yetişdirmək mümkündürmü?
Zeytun ağacını tumdan yetişdirmək mümkün olsa da, cücərmə prosesi uzun vaxt ala bilər. Bunun üçün tumun üzərindəki meyvə qalıqları təmizlənməli, bir neçə gün suda saxlanılmalı və sərt xarici səthi yüngülcə sürtülüb aşındırılmalıdır. Ardından tum nəmli və yaxşı drenaj təmin edən torpağa əkilir. Filizlənmə mərhələsi isə həftələr, hətta aylar çəkə bilər.
Evdə fərqli məqsədlərlə istifadə oluna bilər
Zeytun tumlarının sərt və davamlı quruluşu təkcə bağçılıqda deyil, həm də müxtəlif ev əşyalarının hazırlanmasında tətbiq olunmasına imkan yaradır. Təmizlənib qurudulmuş tumları bir araya gətirərək isti qazan və qabların altına qoymaq üçün altlıq düzəltmək mümkündür.
Zibilə gedən tumlar yenidən istifadə olunur
Zeytun tumlarının dibçəklərdə, kompostda və müxtəlif ev işlərində dəyərləndirilməsi orqanik tullantı miqdarının azaldılmasına şərait yaradır. Adətən birbaşa zibilə atılan tumlar bu sayədə fərqli istifadə sahələri qazanaraq evdə və bağda yenidən istifadə oluna bilən materiala çevrilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)