Milli teleradioşirkəti AVROTROS-un elan etdiyi boykota baxmayaraq, Niderland 2027-ci ildə keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "NU.nl" portalı yayıb.
Məlumata görə, musiqi yarışmasında Niderlandı tam olaraq hansı ifaçının təmsil edəcəyi və şounun ölkədə hansı teleradio yayımlayıcısı tərəfindən təqdim olunacağı hələlik məlum deyil.
Qeyd edək ki, 2026-cı ilin avqustunda Niderlandın AVROTROS teleşirkəti "Avroviziya-2027" üçün təmsilçi seçməkdən rəsmən imtina etmişdi. Bura qədər isə həmin kanal 2026-cı il müsabiqəsini də boykot etmişdi. Boykotun əsas səbəbi İsrailin "Avroviziya"da iştirakı ətrafında yaranmış qalmaqal olub.
Həmin skandala etiraz olaraq 2026-cı ildə Niderlandla yanaşı İrlandiya, İspaniya, İslandiya və Sloveniya da yarışmada iştirakdan imtina etmişdilər. Hətta İrlandiya Niderlandın ardından "Avroviziya-2027"yə də qatılmayacağını bəyan etmişdi.
Xatırladaq ki, "Avroviziya-2027" beynəlxalq mahnı müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Yarımfinalların mayın 11-i və 13-də, böyük finalın isə mayın 15-də baş tutması planlaşdırılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)