Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)

23 Sentyabr 2026 15:49

XVIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.

Milli.Az xəbər verir ki, konsert proqramı Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinə həsr olunub. Gecə ərzində bəstəkarın müxtəlif janrlarda yaratdığı və onun çoxşaxəli musiqi irsini əks etdirən əsərlər səsləndirilib.

Üzeyir Hacıbəylinin əsərlərinin xalq çalğı alətləri orkestrinin ifasında təqdim olunması onların bədii məzmununun yeni şəkildə açılmasına imkan verib. İfa zamanı ənənəvi milli səslənmə professional bəstəkarlıq məktəbinin xüsusiyyətləri ilə vəhdət təşkil edib.

Konsert tamaşaçıların böyük marağı şəraitində keçib. Səsləndirilən hər bir əsər dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və uzunmüddətli alqışlarla müşayiət olunub.

Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində belə konsertlərin keçirilməsi dahi bəstəkarın yaradıcılığının təbliğinə, milli musiqi irsinin qorunub saxlanılmasına və geniş auditoriyaya təqdim edilməsinə xidmət edir.