Qışda uşaqları xəstə edən soyuq deyilmiş

23 Sentyabr 2026 15:21

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir".

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.

Onun sözlərinə görə, bəzən valideynlər düşünürlər ki, uşaq soyuq havaya çıxsa, mütləq soyuqlayacaq:

"Amma burada əsas məsələ temperaturdan çox viruslarla təmasdır. Uşaqlarda soyuqdəymə, qrip və digər tənəffüs yolu infeksiyalarının əsas səbəbi viruslardır. Xüsusilə payız-qış aylarında uşaqlar daha çox qapalı, havasız və insanların sıx olduğu məkanlarda olduqları üçün virusların yayılması artır. Buna görə də hava imkan verirsə, uşağın hər gün açıq havada gəzməsi yaxşı vərdişdir. Ən düzgün yanaşma uşağı həddindən artıq qalın geyindirməməkdir. Uşaq qaçır, oynayır və hərəkət edirsə, çox qalın geyim onun tərləməsinə səbəb ola bilər. Tərlədikdən sonra üşüməsi isə narahatlığa səbəb ola bilər. Qeyd edim ki, ayaqlar, əllər və baş xüsusilə soyuq havada qorunmalıdır".

G. Salehova bildirib ki, uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, onun çölə çıxıb-çıxmaması barədə qərar vermək olar:

"Yüngül burun axması və ümumi vəziyyəti yaxşı olan uşaq qısa müddət açıq havada gəzə bilər. Amma yüksək hərarət, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək və ya ümumi vəziyyətin ağır olması zamanı uşağı gəzdirməkdənsə, istirahət və həkim qiymətləndirməsi daha vacibdir. İmmunitetin sağlam olması üçün əsas olan balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik, peyvəndlərin vaxtında aparılması və düzgün gigiyenadır. Ona görə valideynlərə tövsiyəm budur: hava soyuqdur deyə uşağı bütün gün evdə saxlamaq lazım deyil. Hava şəraitinə uyğun geyindirin, mümkün qədər açıq havada hərəkət etməsinə imkan verin və xüsusilə qapalı, havasız məkanlarda uzun müddət saxlamaqdan çəkinin. Əsas prinsip soyuq havadan qorxmayaq, uşağı hava şəraitinə uyğun geyindirək və onun ümumi vəziyyətini nəzərə alaq".

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)