Azərbaycan iqtisadiyyatının qarşıdakı illər üçün inkişaf gündəliyində yeni sənaye istiqamətləri xüsusi yer tutur. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramının hazırlanması ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində mühüm addımlardan biri kimi diqqəti cəlb edir. Prezident İlham Əliyevin Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövrdə məqsəd yalnız mövcud yataqların istismarını genişləndirmək deyil. Əsas hədəf təbii sərvətlərin hasilatından başlayaraq onların zənginləşdirilməsi, emalı və hazır məhsula çevrilməsinə qədər uzanan tam istehsal zəncirinin formalaşdırılmasıdır. Bu isə Azərbaycanın sənaye strukturunda yeni mərhələnin başlanması deməkdir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Azərbaycanın iqtisadi inkişaf modelində neft-qaz sektoru uzun illər əsas gəlir mənbələrindən biri olub, lakin son dövrdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
"Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi, bu ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faizlik artım qeydə alınıb. Dövlət Proqramının əsas məqsədlərindən biri də bu dinamikanı uzunmüddətli və davamlı xarakterə çevirməkdir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Söhbət maliyyə tutumu yüksək olan, lakin eyni zamanda böyük əlavə dəyər yarada bilən sənaye sahəsindən gedir. Proqramın tam icrası nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılması, yeni istehsal müəssisələrinin formalaşdırılması, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması gözlənilir.
Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi reinteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan ərazilərdə zəngin təbii sərvətlərin istifadəsi mümkün olmayıb. Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, Kəlbəcər, Laçın və Zəngilan ərazilərindəki təbii sərvətlər və meşə fondları işğal dövründə ciddi zərərə məruz qalıb. Eyni zamanda, qızıl, mis və molibden yataqlarının bir hissəsi uzun müddət tam geoloji tədqiqatdan kənarda qalıb. İndi isə vəziyyət dəyişib. Dövlət Proqramında ilk növbədə işğaldan azad edilmiş ərazilərdə mövcud yataqların istismara qaytarılması nəzərdə tutulur. Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan əsas istiqamətlər sırasındadır. Ağdərədə artıq işlərə başlanılması, növbəti mərhələdə Kəlbəcər və Zəngilanda da layihələrin həyata keçirilməsinin nəzərdə tutulması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının artırılması baxımından əhəmiyyətlidir. Bu prosesin digər mühüm tərəfi məşğulluq məsələsidir. Dağ-mədən müəssisələrinin, emal zavodlarının və əlaqəli infrastrukturun yaradılması regionlarda yeni iş yerlərinin açılmasına, xidmət sektorunun genişlənməsinə və iqtisadi fəallığın yüksəlməsinə əlavə imkanlar yarada bilər".
Millət vəkili qeyd edib ki, Dövlət Proqramının əhatə etdiyi mühüm istiqamətlərdən biri də Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvanda sovet dövründə və sonrakı illərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Bu səbəbdən regionun təbii resurs potensialının tam öyrənilməsi üçün yeni kəşfiyyat mərhələsinə ehtiyac var.
"Müasir texnologiyaların tətbiqi burada xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanda geoloji kəşfiyyat işlərinin gələn ildən başlanmasının nəzərdə tutulması regionun iqtisadi potensialının daha dərindən öyrənilməsi və gələcəkdə yeni yataqların istismara cəlb edilməsi üçün baza yarada bilər. Azərbaycanın dağ-mədən sənayesində diqqət çəkən layihələrdən biri Balakən rayonundakı "Filizçay" polimetal yatağıdır. Prezident İlham Əliyev bu yatağı Avropa qitəsində ən perspektivli yataqlardan biri kimi xarakterizə edib və onun istismara hazırlanması üzrə işlərin davam etdirildiyini bildirib. Burada əsas məsələ təkcə yatağın istismara verilməsi deyil. Azərbaycan artıq xammal ixrac edən ölkə modelindən daha yüksək əlavə dəyər yaradan istehsal modelinə keçidi qarşıya məqsəd qoyur. Bu baxımdan yataqların istismarı ilə yanaşı, zənginləşdirmə və emal müəssisələrinin yaradılması strateji əhəmiyyət daşıyır. Bu yanaşma Qərb Sənaye Parkının yaradılması ilə də tamamlanır. Parkın əsas məqsədlərindən biri Daşkəsən filiz yatağının istismarı və regiondakı digər layihələr əsasında dağ-mədən sənayesinin tam istehsal zəncirini yaratmaqdır. Filizin hasilatı ilə kifayətlənməyərək zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı üzrə müəssisələrin yaradılması nəzərdə tutulur. Beləliklə, hasil edilən təbii sərvətin daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsi təmin edilə bilər".
S.Mikayılova xüsusi vurğulayıb ki, dağ-mədən sənayesinin genişləndirilməsi böyük iqtisadi imkanlarla yanaşı, ekoloji məsuliyyəti də ön plana çıxarır:
"Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Azərbaycanın əsas sərvətinin yalnız yeraltı təbii ehtiyatlarla məhdudlaşmadığı, təbiətin qorunmasının prioritet olduğu vurğulanıb. Bu yanaşma yeni layihələrdə ekoloji ekspertizanın maksimum səviyyədə aparılmasını, ekoloji normalara ciddi əməl edilməsini və həm dövlət, həm də xarici tərəfdaşlar tərəfindən yüksək standartların təmin olunmasını nəzərdə tutur. Başqa sözlə, yeni sənaye siyasətinin əsas prinsiplərindən biri təbii sərvətdən iqtisadi fayda əldə etmək və eyni zamanda təbii mühiti qorumaq arasında balans yaratmaqdır.
Dövlət Proqramının digər mühüm istiqaməti metallurgiya sənayesidir. Burada xüsusilə alüminium istehsalının genişləndirilməsi nəzərdə tutulur. Proqrama əsasən, alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması qarşıya məqsəd qoyulur. Bunun üçün bir neçə yeni zavodun yaradılması planlaşdırılır. Bu istiqamət sənayenin xammal bazasının genişləndirilməsi ilə yanaşı, ölkədə emal sənayesinin inkişafına da təsir göstərə bilər. Metallurgiyanın inkişafı maşınqayırma, tikinti, nəqliyyat və digər sənaye sahələri ilə əlaqələrin genişlənməsi üçün də əlavə imkanlar yaradır.
Yeni Dövlət Proqramının mühüm xüsusiyyətlərindən biri dövlət və özəl sektorun paralel iştirakının nəzərdə tutulmasıdır. Dağ-mədən sənayesində dövlət xətti ilə "AzerGold"un fəaliyyəti ilə yanaşı, özəl sektorun və xarici investorların iştirakı üçün də imkan yaradılır. Xüsusilə geoloji kəşfiyyat nəticəsində yeni yataqların aşkarlanması xarici investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Prezident İlham Əliyevin investorlarla bağlı mesajı da aydındır: dövlət proqramın icrasını təmin etmək niyyətindədir, lakin yerli və xarici sərmayəçilərin iştirakı üçün də qapılar açıqdır. Bu isə dövlət investisiyalarının özəl kapital ilə tamamlanmasına imkan yarada bilər.
Layihələrin illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olması gözlənilir. Eyni zamanda, bu rəqəmin yekun göstərici olmadığı və layihələrin ümumi miqyasının milyardlarla manat səviyyəsində ölçülə biləcəyi bildirilib. Beləliklə, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı yalnız ayrı-ayrı mədənlərin istismara verilməsi planı deyil. Burada Azərbaycanın təbii resurslarının kəşfiyyatından hasilatına, zənginləşdirilməsindən emalına və son məhsul istehsalına qədər bütöv sənaye ekosisteminin yaradılması hədəflənir.
Bu proses uğurla reallaşması, dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın qeyri-neft iqtisadiyyatının yeni dayaqlarından birinə çevrilə, xüsusilə Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və digər regionların iqtisadi inkişafına əlavə impuls verəcək".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)