"Red Bull" komandasının pilotu Isack Hadjar zədədən sağaldıqdan sonra bu həftəsonu keçiriləcək Azərbaycan Qran-Prisində yarışlara qayıdacaq.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, fransalı pilot biləyindən aldığı zədə səbəbindən son üç Qran-Prini buraxıb. Hadjar "Red Bull"da Max Verstappenlə birlikdə çıxış edəcək.
Onu son üç yarışda əvəz edən Liam Lawson isə "Racing Bulls"a qayıdacaq. Yuki Tsunoda yenidən ehtiyat pilot roluna keçəcək. Tsunoda əvvəlcə Lawsonun yerini tutmuş, "Racing Bulls"un digər pilotu Arvid Lindblad ilə komanda yoldaşı olmuşdu.
"Red Bull"dan bildirilib ki, Hadjar biləyindəki zədədən uğurla sağalıb və cümə axşamı Bakı Şəhər Halqasında yenidən mübarizəyə başlayacaq.
Komanda Lawsonun son üç yarışdakı çıxışını da yüksək qiymətləndirib və göstərdiyi peşəkarlığa, fədakarlığa və gördüyü işlərə görə ona təşəkkür edib.
Qeyd edək ki, Hadjar Niderland, İtaliya və İspaniya Qran-Prilərini buraxıb. Liam Lawson isə həmin yarışların ikisində xal qazanmağa nail olub.
Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşləri cümə axşamı keçiriləcək. Yarış isə ənənəvi bazar günü deyil, ölkədəki Anım Günü ilə əlaqədar şənbə günü baş tutacaq.
Müəllif: Tural Hüseyn