Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi üzrə illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Dövlət Proqramına əsasən, sahədə yeni istehsal güclərinin yaradılması və emal və metallurgiya müəssisələrinin istismara verilməsi planlaşdırılır. Bu çərçivədə Daşkəsən dəmir filizi layihəsi üzrə Zənginləşdirmə zavodu, Pellet istehsalı zavodu və isti briketləşdirilmiş dəmir (İBD) istehsalı zavodunun, "Baku Steel Company" QSC-nin yeni yayma zavodunun, "Azəralüminium" MMC-nin Gəncə şəhərində elektroliz zavodunun, texniki-iqtisadi əsaslandırma əsasında Kalsinasiya və anodbişirmə zavodunun, həmçinin "Söyüdlü" (Zod) yatağı üzrə flotasiya zavodunun yaradılması nəzərdə tutulur.
Sənəddə müvafiq sahəyə xarici investisiyaların cəlb edilməsi və yaradılması planlaşdırılan istehsal gücləri hesabına sektorda yaradılan əlavə dəyərin iki dəfədən çox artırılması da hədəf kimi müəyyənləşdirilib.
Dövlət Proqramının əsas məqsədləri arasında dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsi, mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyat işlərinin inkişafı və mövcud yataqların səmərəli istismarının təmin edilməsi yer alır.
Bununla yanaşı, filizdən son məhsuladək inteqrə olunmuş istehsal və emal zəncirinin formalaşdırılması, yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalı və ixrac potensialının artırılması, emal olunmuş metallurgiya məhsullarının sənayenin digər sahələrinə xammal və yarımfabrikat kimi inteqrasiyası nəzərdə tutulur.
Proqram çərçivəsində müasir texnologiyaların, rəqəmsal həllərin və innovativ istehsal metodlarının tətbiqinin genişləndirilməsi, investisiyaların cəlb edilməsinin təşviqi, insan kapitalının və ixtisaslı kadr potensialının gücləndirilməsi də prioritetlər sırasındadır.
Sənəddə Azərbaycanın regional strateji əhəmiyyətli minerallar, o cümlədən nadir torpaq elementləri üzrə emal mərkəzi kimi formalaşması imkanlarının araşdırılması, bu istiqamətdə institusional, infrastruktur və investisiya əsaslarının qiymətləndirilməsi də nəzərdə tutulur.
Dövlət Proqramının prioritet istiqamətlərindən biri institusional və normativ-hüquqi bazanın, eləcə də texniki infrastrukturun gücləndirilməsidir. Bu məqsədlə yerin təkindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi, geoloji məlumatların hazırlanması və təqdim edilməsinin beynəlxalq standartlara uyğunlaşdırılması və rəqəmsallaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, müasir iqtisadi, ekoloji və texnoloji çağırışlara uyğunlaşma, beynəlxalq standartlara cavab verən laboratoriya imkanlarının yaradılması və bununla da sektorun rəqabət qabiliyyətinin və investisiya cəlbediciliyinin artırılması planlaşdırılır
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)