Tarixdə ilk dəfə insanla robot arasında döyüş San-Fransiskoda keçirilib. Qarşılaşma sentyabrın 18-də baş tutub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə döyüşün təşkilatçısı REK ("Robot Entertainment Kombat") və iştirakçı Frenki Lapenna "X" sosial şəbəkəsində məlumat veriblər.
Rinqdə bloqer Frenki Lapenna "Terminator" filmindəki personaja bənzəyən, antropomorfik kiborq "EngineAI T800" ilə qarşılaşıb. Robotun boyu 183 santimetrdir.
Rəqiblər döyüş zamanı bir-birlərinə zərbələr endiriblər. Robot avtonom fəaliyyət göstərməyib və virtual reallıq eynəyi vasitəsilə operator tərəfindən idarə olunub.
Lapenna zədələrdən qorunmaq üçün xüsusi qoruyucu geyimdən istifadə edib. Bu, ağır xəsarətlərdən yayınmağa kömək edib. Lakin onun sözlərinə görə, robota zərbə endirərkən qolunu sındırıb.
Qeyd edək ki, yaz aylarında humanoid robotlar Pekində keçirilən qaçış yarışında peşəkar idmançıları geridə qoyublar. Daha sonra çinli kiborq 100 metr məsafəni 9.32 saniyəyə qət edərək dünya rekordu müəyyənləşdirib. Digər robot isə alpinizmdə fərqlənib və 6 min metr yüksəklikdə yerləşən zirvəyə qalxıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)