Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşin Buça hadisələri ilə bağlı açıqlamalarında ziddiyyət olduğunu iddia edib.
Milli.Az xəbər verir ki, Lavrov bu barədə açıqlamasında danışıb.
"BMT Katibliyinin rəhbəri açıq şəkildə öz açıqlamalarında çaşqınlıq yaşayır. Bir tərəfdən deyir ki, qurbanlar və onların adları barədə məlumat var, lakin məxfi xarakter daşıdığı üçün onları paylaşmaq olmaz. Digər tərəfdən isə belə məlumatın olmadığını bildirir. Bu, təəccüblü faktdır", - deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrov qeyd edib ki, hər il Quterreşə Buçada öldüyü iddia edilən şəxslərin siyahısının açıqlanması ilə bağlı müraciət edib.
Onun sözlərinə görə, müraciətlərinə yalnız formal cavab verilib.
Qeyd edək ki, Buça hadisələri 2022-ci ilin martında Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Kiyev vilayətinin Buça şəhərində baş verib. Rusiya qoşunlarının şəhərdən çıxmasından sonra burada çoxsaylı mülki şəxsin öldürüldüyü barədə məlumatlar yayılıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Buçada mülki şəxslərin öldürülməsi hallarını sənədləşdirib və bəzi ölümlərin məhkəməsiz edam xarakteri daşıdığını bildirib
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)