Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücumun səbəbi məlum olub.
Milli.Az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, hadisə Albayrak məhəlləsində yerləşən İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
Məlumata əsasən, 2011-ci il təvəllüdlü, 9-cu sinif şagirdi H.O. məktəbin qarşısına ov tüfəngi ilə gələrək sinif yoldaşlarına atəş açıb.
İlkin araşdırmalar zamanı hücumun bir gün əvvəl şagirdlər arasında "qız məsələsi" səbəbindən yaranan mübahisə ilə əlaqəli olduğu müəyyən edilib. H.O.-nun mübahisə etdiyi sinif yoldaşlarını hədəf aldığı bildirilir. Hadisənin terrorla əlaqəsinin olmadığı qeyd olunur.
Silahlı hücum nəticəsində yaralanan on şagird xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)