Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin

22 Sentyabr 2026 10:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də genişmiqyaslı islahatların aparılmasını, Təhlükəsizlik Şurasında veto hüququnun ləğv edilməsini, daimi üzvlük institutundan imtina olunmasını və Baş Assambleyanın səlahiyyətlərinin artırılmasını təklif edib.

Milli.Az xəbər verir ki, Ərdoğan bu barədə "Bloomberg" üçün yazdığı "BMT Təhlükəsizlik Şurasının veto hüququ ləğv edilməlidir" sərlövhəli məqaləsində fikirlərini bölüşüb.

Türkiyə lideri veto hüququnun ləğvini BMT islahatlarının əsas elementlərindən biri hesab etdiyini bildirib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasında imtiyazlı üzvlərin sayının artırılması səlahiyyətlərin məhdud sayda dövlətin əlində cəmləşməsi problemini həll etməyəcək.

"İslahat eyni imtiyazın digər dövlətlərə verilməsi demək ola bilməz", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Baş Assambleyada "heç bir dövlətin çoxluğun iradəsini daim bloklamaq imkanına malik olmaması" prinsipi əsasında geniş koalisiyanın yaradılmasını təklif edib.

Ərdoğan, həmçinin BMT Təhlükəsizlik Şurasının formalaşdırılması prinsipinin dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib. O, Şurada daimi üzvlərin olmamasını, ölkələrin Baş Assambleya tərəfindən müəyyən müddətə və rotasiya prinsipi əsasında seçilməsini təklif edib.

"Keçmişin iyerarxiyasını qoruyaraq gələcəyin beynəlxalq nizamını qura bilmərik. Dünya tarixi baxımından kifayət qədər qısa müddət olan son 25 ildə baş verən hadisələr göstərdi ki, nə qüvvələr balansı, nə də hər hansı beynəlxalq nizam əbədi deyil. Bəşəriyyətə sülh, sabitlik və ümumi rifah vəd edən sistem yeni müharibələrin qarşısının alınmasında, bərabərsizliyin azaldılmasında və dəyişən qüvvələr balansına cavab verilməsində kifayət qədər effektiv olmadı", - deyə Türkiyə Prezidenti qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)