Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti ucuzlaşıb.
Milli.Az xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, "Azeri Light" neftinin İtaliyanın Augusta limanında CIF bazasında bir barelinin qiyməti 5,54 dollar və ya 4,53 faiz azalaraq 116,83 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir barelinin qiyməti isə 6,21 dollar və ya 5,34 faiz ucuzlaşaraq 110,09 dollara düşüb.
"Urals" markalı xam neftin qiyməti 6,53 dollar və ya 7,67 faiz azalaraq 78,59 dollar/barel olub.
Şimal dənizindən hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti də 7,01 dollar və ya 5,59 faiz ucuzlaşaraq 118,41 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar/barel səviyyəsində götürülüb.
"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti çərşənbə axşamı ardıcıl dörd sessiya ucuzlaşdıqdan sonra bir barel üçün 93 dolları ötüb. Bununla belə, Yaxın Şərqdə neft tədarükü ilə bağlı narahatlıqların azalması və ABŞ-İran müharibəsinə son qoyulması istiqamətində diplomatik səylərin artması fonunda əvvəlki itkilərin böyük hissəsi qorunub.
ABŞ Prezidenti Donald Trampın bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında çıxış edəcəyi və tədbir çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşə biləcəyi bildirilir. Trampın bu həftə digər Körfəz ölkələri və Çin Prezidenti Si Cinpinlə də müzakirələr aparacağı gözlənilir.
Bundan əlavə, Tramp administrasiyasının Yaxın Şərqdə müharibə nəticəsində zərər görmüş infrastrukturun bərpasına yardım məqsədilə 5 milyard dollarlıq fond yaradılmasını təklif etdiyi qeyd olunur.
Səudiyyə Ərəbistanı isə son altı gün ərzində Hörmüz boğazından gündəlik 2,9 milyon barel həcmində xam neft nəql edib.
Peyk görüntülərinə əsasən, həftəsonu Səudiyyə Ərəbistanının Körfəz sahilində yerləşən neft ixrac terminallarında ümumi tutumu 14 milyon barel olan supertankerlər də qeydə alınıb. Bildirilir ki, bu, ən azı iyun ayından etibarən müşahidə olunan ən yüksək tanker sayıdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)