Bəzi bəzək bitkiləri tərkibindəki zəhərli (toksik) maddələrə görə ciddi sağlamlıq problemlərinə yol aça bilir.
Milli.Az xəbər verir ki, xüsusilə uşaqların və ev heyvanlarının olduğu mühitlərdə yetişdirilən bitkilərə qarşı diqqətli olmaq lazımdır.
Diffenbaxiya (Dieffenbachia)
Böyük və göstərişli yarpaqları ilə evlərdə tez-tez üstünlük verilən difenbaxiya zənn edildiyi qədər məsum deyil. Bitkinin şirəsində olan həll olunmayan kalsium oksalat kristalləri yarpağın çeynənməsi və ya yeyilməsi vəziyyətində ağızda şiddətli qıcıqlanmaya səbəb ola bilər. Xüsusilə uşaqlar və ev heyvanları baxımından risk daşıyan bitki ağızda ağrı, şişlik və udma çətinliyi kimi əlamətlərə yol aça bilər. Şirəsinin dəri və ya gözlə təması da qıcıqlanmaya səbəb ola bilər. Xalq arasında difenbaxiyanın evdə narahatlıq və mübahisəyə səbəb olduğuna dair inanclar olsa da, bu fikri dəstəkləyən elmi sübut yoxdur. Buna baxmayaraq, bitkinin fiziki sağlamlıq baxımından daşıdığı risklər nəzərdən qaçırılmamalıdır.
Filodendron və Spatifillum (Spathiphyllum)
Ev dekorasiyasında tez-tez istifadə edilən filodendron da kalsium oksalat kristalları ehtiva edən bitkilər arasındadır. Yarpaqlarının və ya şirəsinin çeynənməsi ağızda yanma, ağrı və şişməyə səbəb ola bilər. Buna görə də bitkinin uşaqların və heyvanların əli çatmayacağı yerlərdə saxlanılması önəmlidir.
Xalq arasında "Qadın xoşbəxtliyi" adı ilə bilinən spatifillum da tamamilə zərərsiz deyil. Yarpaq, gövdə və çiçəklərində olan kristallar çeynəndikdə ağız və boğazda qıcıqlanmaya, dodaqlarda şişməyə və ürəkbulanmaya yol aça bilər.
Zəqqum (Zakkum)
Zəqqum zəhərli xüsusiyyəti ilə seçilən bitkilərdəndir. Kökündən yarpaqlarına qədər bitkinin bütün hissələri toksik maddələr ehtiva edir. Zəqqumun yeyilməsi ciddi zəhərlənmələrə səbəb ola bilər. Bitkinin yandırılması nəticəsində yaranan tüstü də zərərli maddələr ehtiva edə biləcəyi üçün diqqət tələb edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)