Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Ötən il olduğu kimi, bu il də Azərbaycan Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir. Sentyabrın 19-da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Səda" uşaq xoru geniş konsert proqramı ilə çıxış edib. "Retro-dalğası" adlı xor konserti müxtəlif dövrləri əhatə edən rəngarəng və maraqlı musiqi nömrələri ilə yadda qalıb. Gənc ifaçıların peşəkar səhnə təqdimatı, ahəngdar xor ifası və musiqi əsərlərinin özünəməxsus interpretasiyası konsertə xüsusi ovqat bəxş edib.
Bu dəfə "Səda" uşaq xoru ənənəvi səhnədən kənara çıxaraq, açıq havada canlı konsert proqramı ilə şəhər sakinləri və paytaxtımızın qonaqları qarşısında çıxış edib. Xorun ifasında səslənən Azərbaycan bəstəkarlarının kinofilmlərə yazdığı musiqi nümunələri tamaşaçılara xoş anlar yaşadıb, konsert isə böyük maraq və rəğbətlə qarşılanaraq şəhərin musiqi həyatına rəng qatan yaddaqalan tədbirlərdən birinə çevrilib.
"Səda" uşaq xorunun bədii rəhbəri Aysel Mehdizadədir.
Konsert proqramı boyunca uşaqların ifaçılıq bacarığı, kollektiv səhnə mədəniyyəti və musiqiyə sevgisi nümayiş olunub. Rəngarəng repertuar və ahəngdar ifa konserti tamaşaçılar üçün yaddaqalan musiqi axşamına çevirib.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında iştirakı isə gənc nəslin milli musiqi irsinin təbliğinə və Azərbaycan musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə verdiyi töhfənin daha bir göstəricisidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)