Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır

21 Sentyabr 2026 12:05

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb.

Milli.Az xəbər verir ki, Polşadakı Azərbaycan diaspor nümayəndələrinin və Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin gördüyü tədbirlər nəticəsində ölkəyə qarşı təxribatın qarşısı alınıb.

Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əksini təsvir edən çap materialının yerli satışda olması barədə məlumat ölkədəki Azərbaycan diaspor nümayəndələri tərəfindən sosial şəbəkələrdə yayımlandıqdan dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyi həmin materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.

"Məhsulun" istehsalı və eyni zamanda satışı ilə məşğul olan "Henry" şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycan Respublikasının kəskin etirazı bildirilib.

Qarşı tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edildiyini vurğulayıb.

Səfirliyin təklifinə əsasən, Çezare Popiel diplomatik nümayəndəliyi yazılı şəkildə məlumatlandırıb. Məktubda bildirib ki, "təsvirin" çap materiallarında istifadəsi məqsədyönlü və ya qəsdən həyata keçirilməyib, çapın hazırlanma mərhələsində "insan amili" nəticəsində baş verib.

Məktubda həmçinin çap məhsulunun satışının tam dayandırıldığı, anbarda olan və müştərilərdən qaytarılmış bütün nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyi, eləcə də gələcək çap materiallarında həmin "təsvirin" istifadəsinin qarşısının alınması məqsədilə müvafiq düzəlişlərin edildiyi bildirilib.

Çezare Popiel Səfirliyə göndərdiyi məktubda Azərbaycan Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Polşadakı Səfirliyi yuxarıda göstərilən təxribatı aşkarlamış, sosial şəbəkələrdə məsələyə hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb etmiş və müvafiq ünvanlara müraciətlər etmiş Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)