2016-cı ildən etibarən Azərbaycanda keçirilən Formula 1 Qran-Prisi F1 pilotları və azarkeşləri üçün həyəcan dolu anlar bəxş edib.
Milli.Az xəbər verir ki, bu illər ərzində Azərbaycan Qran-Prisinin tarixinə adını yazdıran pilotların hər birinin Bakı ilə bağlı öz hekayəsi formalaşıb.
İlk yarışın qalibi Niko Rosberq, Bakıda iki dəfə zəfər qazanan Maks Ferstappen, yeddiqat dünya çempionu Lyuis Hemilton, poul rekordçusu Şarl Lekler və beş podiumla seçilən Serxio Peres bu tarixdə xüsusi iz qoyan pilotlar sırasındadır.
Azərbaycan Qran-Prisinin 10-cu yarışı ərəfəsində bu beş pilotun Bakı Şəhər Halqasındakı ən yaddaqalan anlarına və nəticələrinə nəzər salırıq.
Niko Rosberq - Bakıda ilk Formula 1 qalibi
Formula 1 üzrə dünya çempionu Niko Rosberq Azərbaycan Qran-Prisinin tarixində xüsusi yerə sahibdir. 2016-cı ildə paytaxtımızda keçirilən ilk Formula 1 yarışının qalibi məhz almaniyalı pilot olub. Rosberq həmin həftəsonu poulu qazanıb, yarışın bütün dövrələrində lider olub, ən sürətli dövrəyə imza atıb və finiş xəttini birinci keçərək karyerasında ikinci dəfə "Böyük Dəbilqə"yə sahib çıxıb.
Niko Rosberq Formula 1-də debütünü 2006-cı ildə Bəhreyn Qran-Prisində edib. 2006-2009-cu illərdə "Williams", 2010-2016-cı illərdə isə "Mercedes" komandasının heyətində çıxış edib. Niko həmçinin 1982-ci ildə Formula 1 üzrə dünya çempionu olmuş Keke Rosberqin oğludur.
Bakıda qazandığı tarixi qələbənin ardından Rosberq 2016-cı il mövsümünün sonunda Əbu-Dabi Qran-Prisində ikinci yeri tutaraq Lyuis Hemiltonu ümumi hesabda cəmi 5 xal qabaqlayıb və karyerasında ilk dəfə Formula 1 üzrə dünya çempionu olub. Çempionluğunu rəsmiləşdirdikdən cəmi beş gün sonra isə Rosberq gözlənilmədən Formula 1 karyerasını başa vurduğunu açıqlayıb.
Maks Ferstappen - Bakı ilə çətin başlayan hekayə
Dördqat Formula 1 dünya çempionu Maks Ferstappen Bakıda ilk qələbəsini yalnız altıncı cəhdində qazanıb. 2016-cı ildən Bakı Şəhər Halqasında yarışan niderlandlı pilot ilk dəfə 2022-ci ildə finiş xəttini birinci keçib. 2025-ci ildə isə Ferstappen Bakıda ikinci qələbəsini qazanaraq poula, ən sürətli dövrəyə və bütün dövrələrdə liderliyə imza atıb və "Böyük Dəbilqə"yə sahib çıxıb.
Ferstappenin Bakıdakı çıxışları dramatik anlarla da yadda qalıb. 2018-ci ildə "Red Bull"dakı komanda yoldaşı Daniel Rikkardo ilə toqquşma nəticəsində hər iki pilot mübarizəni dayandırıb. 2021-ci ildə isə Ferstappen yarışa liderlik etdiyi vaxt finişə cəmi bir neçə dövrə qalmış təkərinin partlaması nəticəsində qələbə şansını itirib və yarışı başa vura bilməyib.
Ferstappen Formula 1-də debütünü 2015-ci ildə Avstraliya Qran-Prisində edib. 2016-cı ildə isə 18 yaşında İspaniya Qran-Prisini qazanaraq Formula 1 tarixinin ən gənc yarış qalibi olub.
Lyuis Hemilton - Bakı küçələrində qələbə və dram
Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton doqquz Bakı yarışında cəmi bir dəfə qələbə qazanıb. Halbuki britaniyalı pilot buna hələ 2017-ci ildə çox yaxın idi: pouldan başlayan Hemilton yarışa liderlik edirdi və qələbəyə doğru gedirdi. Lakin bolidində yaranan texniki problem onu pitə yollanmağa məcbur etdi və mümkün qələbədən məhrum etdi. Bir il sonra Hemilton Bakıda revanş götürərək Azərbaycan Qran-Prisinin qalibi olub, 2019-cu ildə isə ikinci yeri tutaraq yenidən podiuma yüksəlib.
Hemilton Formula 1-də debütünü 2007-ci ildə edib və ilk mövsümündə çempionluğu cəmi bir xal fərqlə əldən verib. Karyerası ərzində yeddi dünya çempionluğu qazanıb.
Hemiltonun məşhur 44 nömrəsinin tarixi kartinq illərinə gedib çıxır. O, səkkiz yaşında yarışmağa başlayarkən atasının avtomobilinin qeydiyyat nişanındakı "44" rəqəmini seçib və sonradan bu nömrəni Formula 1-də də qoruyub.
İndi isə Bakıda onun üçün yeni səhifə açılır. Görəsən, Lyuis Hemilton "Ferrari" ilə Bakı küçələrində yenidən fərqlənə biləcəkmi?
Şarl Lekler - Azərbaycan Qran-Prisinin poul rekorduçusu
Şarl Lekler Bakı Şəhər Halqasının əsl poul ustasıdır. "Ferrari" pilotu 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə Azərbaycan Qran-Prisində poulu qazanıb - Bakı tarixində heç bir pilot bunu bacarmayıb. Bununla belə, Lekler Bakıda hələ qələbə qazana bilməyib. Onun ən yaxşı nəticəsi 2024-cü ildə tutduğu ikinci yer olub.
Lekler Formula 1-də debüt etdiyi 2018-ci ildə "Sauber"lə Bakıda 6-cı yeri tutub. 2019-cu ildə artıq "Ferrari"nin heyətində 1:43.009 nəticə ilə yarışın ən sürətli dövrəsinə imza atıb. Bu nəticə bu günədək Bakı Şəhər Halqasının rəsmi dövrə rekordu olaraq qalır.
2026-cı ildə isə əsas sual dəyişməz qalır: Şarl Lekler Bakıda poullar seriyasını nəhayət qələbə ilə tamamlaya biləcəkmi?
Serxio Peres - "Bakı trekinin kralı"
Formula 1-də "Çeko" kimi tanınan Serxio Peresin Azərbaycan Qran-Prisi ilə xüsusi münasibəti var. Meksikalı pilot Bakıda 2021 və 2023-cü illərdə qalib gəlib, ümumilikdə isə beş dəfə podiuma yüksəlib. Peres Bakı Şəhər Halqasında beş podium qazanan yeganə pilotdur və məhz bu nəticələr ona qeyri rəsmi "Bakı trekinin kralı" adını qazandırıb.
Peres Formula 1-də 2011-ci ildə "Sauber"lə debüt edib. Karyerası ərzində qazandığı 6 qələbənin ikisinə məhz Bakıda imza atıb. Azərbaycan Qran-Prisi onun Formula 1-də birdən çox dəfə qalib gəldiyi yeganə yarışdır.
2026-cı ildə isə "Çeko" Bakıya tamamilə fərqli statusda qayıdır. Birillik fasilədən sonra Formula 1-ə dönən Peres bu dəfə yeni "Cadillac" komandasının bolidinin sükanı arxasında sevimli treklərindən birində mübarizə aparacaq. "Bakı trekinin kralı" yeni komandası ilə yenidən sürpriz edə biləcəkmi?
10 illik yubiley yarışı
Azərbaycan Qran-Prisinin 10 illik tarixi ərzində Bakı Şəhər Halqası Formula 1-in ən tanınmış pilotların qalibiyyətlərinə və maraqlı hadisələrə səhnə olub. Rosberqin ilk qələbəsindən Hamiltonun podiumlarına, Peresin Bakıdakı uğurlarından Leklerin rekordlarına və Ferstappenin iki qələbəsinə qədər hər bir pilot yarışın tarixində fərqli iz qoyub.
2026-cı ildə keçiriləcək 10-cu yubiley Qran-Prisi isə bu tarixə yeni səhifə əlavə edəcək. Bakı Şəhər Halqasında daha bir Formula 1 həftəsonu qarşıdadır və növbəti yaddaqalan nəticənin, qələbənin və ya rekordun kimə məxsus olacağını yarış göstərəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)