İtaliyada da məktəblərdə niqab qadağan edildi

21 Sentyabr 2026 11:58

İtaliya hökuməti məktəblərdə üzün tam örtülməsini qadağan etməyi və siniflərdə xarici tələbələrin sayına limit qoymağı nəzərdə tutan yeni tədbirlər hazırlayır.

Milli.Az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni açıqlama verib.

Meloni bildirib ki, hökumət yaxın zamanda Nazirlər Şurasına məktəblərdə burqa və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

Təklifə əsasən, bəzi xarici şagirdlərin valideynlərindən, xüsusilə məktəbə inteqrasiya ilə bağlı ciddi problemlərin olduğu hallarda, italyan dilini öyrənmələri də tələb oluna bilər. Həmçinin siniflərdə xarici tələbələrin sayına qanunla limit müəyyənləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, İtaliyada siniflərdə xarici şagirdlərin sayının 30 faizlə məhdudlaşdırılmasını nəzərdə tutan qayda daha əvvəl də mövcud olub, lakin bu qaydanın praktikada tətbiq edilmədiyi bildirilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)