Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı

20 Sentyabr 2026 20:32

Pakistan hökuməti həbsdə olan keçmiş baş nazir və müxalif "Ədalət Uğrunda Hərəkat" partiyasının qurucusu İmran Xanın bacısı Alima Xanı saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın bəyanatında məlumat verilib.

Qeyd olunub ki, Alima Xanın saxlanılmasına Pəncab əyalətinin ictimai asayişin qorunması haqqında qanunu əsasında icazə verilib. Alima Xan və hərəkatın digər fəalları 2023-cü ilin mayında İmran Xanın həbsindən sonra keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə və sosial şəbəkələrdə partiyanın tərəfdarlarını səfərbər etməyə davam etdiklərinə görə saxlanılıblar.

Hərəkat sentyabrın 27-də İslamabadda keçmiş baş nazirin azadlığa buraxılması tələbi ilə aksiya keçirməyi planlaşdırır. Pakistanın paytaxtının rəhbərliyi artıq mümkün iğtişaşlara hazırlaşmağa başlayıblar. Şəhərə girişlərdə nəzarət gücləndirilib, xəstəxanalar isə gücləndirilmiş hazırlıq rejiminə keçirilib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 10 aprel 2022-ci ildə parlamentdə ona qarşı etimadsızlıq səsverməsinin keçirilməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir.

Onun həyat yoldaşı Büşra Bibi də eyni ittiham üzrə yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)