Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi

20 Sentyabr 2026 17:00

Keniyalı Aqnes Nqetiç Kopenhagendə keçirilən şosse qaçışı üzrə dünya çempionatında sırf qadınlar arasında yarımarafon məsafəsində (kişi peysmeykerlərin iştirakı olmadan) yeni dünya rekorduna imza atıb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, o, 21,1 km məsafəni 1 saat 5 dəqiqə 15 saniyəyə qət edib.

Əvvəlki rekord onun həmyerlisi Peres Cepçirçirə məxsus idi (1:05.16) və 2020-ci il oktyabrın 17-də müəyyənləşdirilmişdi.

Peysmeyker - orta və uzun məsafələrdə (800 metrdən başlayaraq) müəyyən məsafə kəsiyi ərzində qaçışa liderlik edən və tempi müəyyənləşdirən idmançıdır.

25 yaşlı Nqetiç 2024-cü ilin yanvarında Valensiyada keçirilən qaçışda qarışıq növ üzrə 10 km məsafəni şossedə və ya stadionda 29 dəqiqədən tez (28.46) qət edən ilk qadın kimi tarixə düşüb. 2025-ci ilin aprelində isə Nqetiç sırf qadınlar arasında keçirilən qaçışda 10 km məsafə üzrə dünya rekordunu (29.27) yeniləyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)