İçərişəhər bu gün sanki tarixi filmin səhnələrindən birinə çevrilmişdi. Qədim küçələrdə milli geyimlərdə insanlar, rəngarəng parçalar, musiqi və milli rəqslər bir araya gəlmiş, şəhərə başqa bir dövrün ab-havasını gətirmişdi.
Azərbaycan geyim mədəniyyətinin müxtəlif dövrlərini və incəliklərini yaşadan "Milli Geyimlər Günü" çərçivəsində İçərişəhərin hər guşəsində fərqli bir mənzərə ilə qarşılaşmaq mümkün idi. Bir tərəfdə qədim geyim nümunələri, digər tərəfdə müasir dizayner kolleksiyaları, meydanlarda isə milli rəqslər və musiqi... Eyni zamanda, ölkəmizin müxtəlif regionlarının özünəməxsus milli geyimləri və zəngin folklor nümunələri ilə bu möhtəşəm bayrama qatılması tədbirin coşqusunu daha da artırmışdı.
Ən maraqlısı isə bu mənzərənin tamaşa deyil, hamının iştirak etdiyi canlı bir bayram olması idi. Qonaqlar, iştirakçılar, rəhbərlik və İçərişəhər sakinləri milli geyimlərdə tədbirə qoşularaq qədim şəhərin küçələrini sanki keçmişdən bu günə uzanan böyük bir səhnəyə çevirmişdilər.
Bir gün ərzində İçərişəhərdə tarixə baxmadım - elə bil tarixin özünün içindən keçdik.
Bakı Fotoqrafiya Evi, Qoşa Qala meydanı və Şirvanşahlar Sarayı Kompleksi boyunca sərgilər, elmi-praktiki seminarlar, milli rəqslər, tarixi və müasir geyim kolleksiyalarının nümayişi, ustad dərsləri və müxtəlif mədəni proqramlar bir araya gələrək əsl milli ruh bayramı yaradıb.
Günün ilk proqramı Bakı Fotoqrafiya Evində keçirilən elmi-praktiki seminarlarla başlayıb. Burada Azərbaycan geyim mədəniyyətinin tarixi inkişafı, Səfəvi irsi, milli geyimlərin formalaşması və onların etnoqrafik xüsusiyyətləri barədə geniş məlumatlar təqdim olunub. Günay Çapay, Aytən Əsədova və Günel Rəhimlinin çıxışlarında mövzu müxtəlif elmi istiqamətlərdən işıqlandırılıb. Ardınca "Bir əsrin insanları" sərgisi ziyarətçilərin ixtiyarına verilib.
Qoşa Qala meydanında isə gün ərzində Azərbaycan milli geyimlərinin təqdim olunduğu geniş sərgi təşkil edilib. Ziyarətçilər "Tağıyev" filmində istifadə olunmuş tarixi geyim nümunələri ilə tanış olub, filmin tarixi dövrünü əks etdirən geyim kolleksiyasını izləyiblər. Meydanda milli rəqslərin ifası, etno geyim və musiqi təqdimatları, İçərişəhər sakinlərinin iştirakı ilə milli geyim nümayişi tədbirə xüsusi dinamika bəxş edib.
Yerli dizaynerlərin kolleksiyaları da tədbirin diqqətçəkən hissələrindən olub. Mehriban Xəlilzadə, Nərgiz Surxayeva və Günay Həsənovanın şəxsi kolleksiyaları nümayiş etdirilib. Eyni zamanda kəlağayının hazırlanması və istehsalı prosesi nümayiş olunub, "Araxçının məndədi" ustad dərsi keçirilib. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin təqdim etdiyi milli rəqslər də proqramın rəngarəngliyini artırıb.
Axşam saatlarında Şirvanşahlar Sarayı Kompleksində keçirilən mərasim tədbirin kulminasiya anlarından birinə çevrilib. Protokol yürüşü və açılış nitqindən sonra folklor ansamblının çıxışı, milli rəqslər və müxtəlif geyim kolleksiyalarının təqdimatları baş tutub. Tanınmış modelyer-dizayneri, milli geyimlərin təbliği sahəsində mühüm xidmətləri olan Gülnarə Xəlilovanın zəngin milli geyim kolleksiyası, eləcə də Gülzadə Abdulovanın "Keçmişdən bu günə" kolleksiyası tamaşaçılara təqdim olunub. Xarici ölkələrin nümayəndə heyətlərinin və dünya xalqlarının geyim və rəqs nümunələri də gecəyə xüsusi rəng qatıb. Tədbir "Bakı Nəfəsi" multimedia tamaşası ilə yekunlaşıb.
Beləliklə, "Milli Geyimlər Günü" yalnız sərgi və təqdimatlardan ibarət tədbir kimi deyil, Azərbaycan milli geyiminin tarixdən bu günə uzanan yolunu, sənətkarlığını, estetik dəyərlərini və müasir yanaşmalarını bir araya gətirən böyük mədəni platforma kimi yadda qalıb.