Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir.
Milli.Az xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər.
Bu xəstəlik zamanı tər vəzilərinin olmaması və ya kifayət qədər inkişaf etməməsi səbəbindən insanlarda tərləmə qabiliyyəti zəifləyə və ya tamamilə itə bilər. Bu isə xüsusilə isti havalarda bədən temperaturunun tənzimlənməsini çətinləşdirə bilər.
Ektodermal displaziyanın əlamətləri arasında dişlərin konusvari və iti formada olması, bəzi dişlərin ümumiyyətlə inkişaf etməməsi, saçların seyrək və incə olması, dərinin isə daha həssas və nazik görünməsi qeyd olunur.
Mütəxəssislərin məlumatına görə, ektodermal displaziya 180-dən çox müxtəlif genetik xəstəliyi əhatə edən bir qrupdur. Əlamətlər xəstəliyin növündən və insanda hansı genetik dəyişikliklərin olduğundan asılı olaraq fərqlənə bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)