Türkiyənin Adana şəhərində səyyar lahmacun satıcısı ilə ana arasında yaşanan mübahisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ana azyaşlı oğlu ilə birlikdə səyyar satıcıdan cəmi bir ədəd lahmacun almaq istəyərkən baş verib. Satıcı əvvəlcə beş ədəddən az satış etmədiyini bildirərək sifarişdən imtina edib.
Ananın etirazından sonra isə satıcı uşaq üçün istisna edəcəyini və pul almayacağını deyib. Lakin lahmacunun paketə qoyulması xahişindən sonra tərəflər arasında gərginlik yaranıb. Satıcının ana ilə kobud ifadələrlə danışdığı görüntülər mobil telefonla qeydə alınıb.
Video sosial şəbəkələrdə yayıldıqdan sonra satıcının davranışı ciddi reaksiyalara səbəb olub. Ardınca satıcı peşman olduğunu bildirərək hadisəyə görə üzr istəyib.
Hadisədən sonra Adananın Seyhan Bələdiyyəsi tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı səyyar satıcının rəsmi qeydiyyatının olmadığı müəyyənləşdirilib. Bunun ardından piştaxtanın fəaliyyəti dayandırılaraq yığışdırılıb və satıcı barəsində inzibati tədbir görüləcəyi açıqlanıb.
Görüntülər bəzi mediada "Bir uşağın ahı ölkəni ayağa qaldırdı" başlığı ilə yayımlanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)