Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Qeyd edək ki, İsgəndər Cavadov avqust 1956-cı ildə Bakıda anadan olub. O, Azərbaycan futbol tarixinin ən tanınmış simalarından biridir. Əsasən hücumçu mövqeyində çıxış edib.
Cavadov futbola 14 yaşında başlayıb. Futbola başlamazdan əvvəl gimnastika və güləşlə məşğul olub. Gənc yaşlarında boyunun qısa olması səbəbindən onu Azərbaycanın əsas futbol komandalarından biri olan Neftçiyə qəbul etmirdilər. Buna baxmayaraq, o, öz bacarığı ilə diqqət çəkərək əvvəlcə Sumqayıtın Xəzər və Bakının Avtomobilçi komandalarında çıxış edib.
1977-ci ildə İsgəndər Cavadov Neftçi PFK-nın əsas heyətində debüt edib. Qısa müddətdə komandanın aparıcı futbolçularından birinə çevrilib. 1979-cu ildən 1986-cı ilə qədər Neftçinin kapitanı olub. Sürəti, texnikası, topa nəzarəti və hücumdakı fəallığı ilə seçilib.
1982-1983-cü illərdə Moskvanın Dinamo klubunda oynayıb. Bu dövrdə UEFA Kubokunda iki oyun keçirib və bir qol vurub. O, Dinamo Moskva çıxışının SSRİ milli komandasına düşməsinə kömək edəcəyinə inanırdı, lakin bu baş vermədi və 1984-cü ildə yenidən Neftçiyə qayıtdı.
Futbolçu karyerasının son illərində Moldovanın Nistru (indiki Zimbru Kişinyov) klubunda çıxış edib və 1989-cu ildə futbolçu kimi fəaliyyətini başa vurub.
İsgəndər Cavadov Azərbaycan futbolunun sovet dövründə yetişdirdiyi ən məşhur futbolçulardan biridir. O, Neftçi PFK-nın tarixində xüsusi iz qoymuş, komandanın kapitanı olmuş və Azərbaycan futbol azarkeşləri arasında böyük hörmət qazanan oyunçulardan biri kimi yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)