35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)

19 Sentyabr 2026 16:32

Kolumbiyada qeyri-adi hadisə baş verib. Boqota şəhərinin 35 yaşlı sakini Yelin Lizbet Patinyo "TransMilenio" marşrut avtobusuna aşiq olduğunu və onunla "evləndiyini" açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın 60 nömrəli avtobusla qeyri-rəsmi nikaha girdiyini bildirib.

Patinyo bunun üçün ağ gəlinlik geyinib, tort və nişan üzüyü alıb. O, rəfiqəsi və qohumunun iştirakı ilə kiçik ziyafət də təşkil edib. Daha sonra avtobusla "nikahını" təsdiqləyən sənəd hazırlayıb.

Patinyonun sözlərinə görə, "həyat yoldaşı" ilə daha çox vaxt keçirmək üçün tibb bacısı kimi çalışdığı xəstəxanadan ayrılıb və avtobus deposunda xadimə kimi işə düzəlib.

"Orada olmaqdan xoşbəxtəm", - deyə qadın bildirib. O, bu yolla "həyat yoldaşı borcunu" yerinə yetirdiyini və avtobusu qoruduğunu söyləyib.

Patinyo ötən ay bədəninə "sevgilisinin" təsvirini əks etdirən döymə də etdirib.

Bununla belə, qadın gələcəkdə adi bir kişi ilə münasibət quracağını istisna etmir. Lakin hazırda onun qəlbinin tamamilə "TransMilenio"ya aid olduğunu deyir.

"60 rəqəmi məni həqiqətən valeh edir", - deyə kolumbiyalı qadın qeyd edib.

Nəşrin yazdığına görə, Patinyo uşaqlıqdan cansız əşyalara qarşı dərin emosional bağlılıqla xarakterizə olunan obyektfiliya ilə bağlı qeyri-adi bağlılıq yaşadığını bildirib. Onun sözlərinə görə, qadın 10 yaşında 2200 nömrəli "Trans Sandoná" şəhərlərarası avtobusuna aşiq olub və ona məktublar yazıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)