Şirvanşahlar Sarayının qarşısında III Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib (Foto)

19 Sentyabr 2026 09:10

Şirvanşahlar Sarayının qədim divarları klassik musiqi üçün qeyri-adi səhnəyə çevrilib. Bakıda III Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı çərçivəsində "Qədim daşlar arasında" konserti keçirilib.

Musiqi gecəsi Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb. Daha sonra tamaşaçıları Azərbaycan və xarici bəstəkarların əsərlərini bir araya gətirən zəngin proqram gözləyib. Konsertdə opera və operetta ariyaları, duetlər, xor əsərləri və instrumental kompozisiyalar səsləndirilib.

Gecəyə xüsusi ab-havanı məhz konsertin keçirildiyi məkan - Şirvanşahlar Sarayının qarşısındakı meydan verib. Klassik musiqi qədim daş divarların fonunda səslənərək musiqi sənəti ilə Bakının çoxəsrlik tarixinin özünəməxsus vəhdətini yaradıb.

Konsertdə Xalq artisti Fidan Hacıyeva, gənc solistlər və Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin tələbələri - Gülsüm Xəlilova, Məhəmməd Şammədov, Səməd Novruzov, Səid Məmmədov, Atilla Qərib və Atilla Məmmədov iştirak ediblər.

Gecənin diqqətçəkən iştirakçıları sırasında Fidan Hacıyeva tərəfindən yaradılan Mezzo uşaq xoru və Mezzo qadın kamera orkestri də olub. Konsertin xüsusi qonağı isə The Passion Strings kvarteti olub.

Beləliklə, "Qədim daşlar arasında" konserti festival proqramının növbəti tədbiri olmaqla yanaşı, klassik sənətin Azərbaycanın əsas tarixi-memarlıq abidələrindən birinin fonunda səsləndiyi özünəməxsus musiqi səyahətinə çevrilib.

III Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı Xalq artistinin 50 illik yubileyinə və yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunub. Bu il festivalın coğrafiyası Bakıdan kənara da çıxıb - tədbirlər Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Paris, London, Milan və Minskdə də keçirilir.

Festival çərçivəsində ümumilikdə 30-a yaxın musiqi və mədəni tədbirin keçirilməsi nəzərdə tutulub. Azərbaycan tarixində ilk dəfə olaraq bu miqyasda klassik sənət festivalı üç ay - 7 sentyabrdan 7 dekabradək davam edəcək.

Festivalın əsas istiqamətlərindən biri "Gənc səslər gələcəyə səslənir" layihəsidir. Layihə gənc solistlərin solo konsertlərini, birgə çıxışları, vokal gecələrini və ustad dərslərini bir araya gətirir. Layihənin məqsədi yeni istedadların üzə çıxarılması və gənc sənətçilərə böyük səhnədə özlərini göstərmək imkanı yaratmaqdır.

Üç ay davam edəcək festivalın kulminasiyası dekabrın 7-də Heydər Əliyev Sarayında keçiriləcək "Karmen. Sənətkarın həyatının yarım əsri" adlı qala-konsert olacaq. Musiqi müşayiətini Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri təmin edəcək. Tanınmış İspaniya flamenko qrupunun iştirakı isə qala-konsertə xüsusi ab-hava qatacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az