Tele-aparıcı İdris Cəfərov canlı efirdə "palatka biznesi" ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, bu sahədə çalışan şəxsin ona danışdığı hadisəni tamaşaçılarla bölüşüb. Onun sözlərinə görə, həmin şəxs təcili tibbi yardım əməkdaşları ilə bağlı maraqlı məqamdan danışıb.
"Bu sahədə olan bir adam mənə danışıb. Deyir ki, təcili tibbi yardım əməkdaşları ilə danışıb, onlara hörmət edirdim. Ölüm hadisəsi baş verəndə tibbi yardım əməkdaşları gəlir, hadisəni qeydə alır və sənəd verir. Daha sonra isə təcili tibbi yardım əməkdaşları "palatka" şirkətinə zəng edərək mərhumun adı, ünvanı və ev sahibinin əlaqə nömrəsi barədə məlumat verirlər.
Bundan sonra şirkətin nümayəndəsi ev sahibinə zəng edir. Adı ilə müraciət edərək "eşitdim, rəhmətə gedib" deyir və mərhumu tanıyırmış kimi danışır. Ardınca "Palatkanı hara gətirək?" sualını verir. Ev sahibi isə başını itirmiş vəziyyətdə "gəl" deyir.
Belə "palatka" satan adamlar təcili tibbi yardım əməkdaşları ilə sistem qurmuşdular", - deyə İdris Cəfərov bildirib.
Teleaparıcının səsləndirdiyi bu fikirlər canlı efirdə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)