Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq.
Milli.Az "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onun ayrıca növ kimi rəsmən tanınması üçün uzunmüddətli və geniş araşdırmalar aparılıb.
Aparılan laboratoriya analizləri Tilcayonun digər qohum pişik növlərindən fərqləndiyini təsdiqləyib.
Yeni növ xarici görünüşü ilə də diqqət çəkir. Tilcayo adi ev pişiyindən daha kiçik ölçülüdür. Bədənində bəbirə bənzər naxışlar, həmçinin bölgədəki digər kiçik pişiklərdə müşahidə olunmayan yuvarlaq qulaqlar var.
Cənubi Amerikaya məxsus olan Tilcayonun yayılma arealı olduqca məhduddur. Növün kəşfi onun qorunmasını ekoloqlar üçün əsas prioritetlərdən birinə çevirib. Mütəxəssislər bu nadir populyasiyanın mühafizəsinin vacibliyini vurğulayırlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)