Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

18 Sentyabr 2026 15:10

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar.

Milli.Az xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmiş siçanlardan istifadə ediblər.

Alimlər əvvəlcə siçanların beyin qabığı və hipokampusunun inkişafını məhdudlaşdıraraq insan beyin toxumasının böyüməsi üçün yer açıblar. Daha sonra laboratoriyada insan hüceyrələrindən hazırlanmış beyin orqanoidlərindən əldə olunan hüceyrələr yeni doğulmuş siçanların beyninə köçürülüb.

Hər bir inyeksiyada təxminən 100 min insan beyin hüceyrəsindən istifadə olunub. Nəticədə siçanların beynində təxminən 4 milyon insan beyin hüceyrəsinin inkişaf etdiyi və bu toxumanın beynin həcminin təxminən yarısını təşkil etdiyi müəyyənləşdirilib.

Tədqiqatçılar transplantasiyadan təxminən üç ay sonra insan beyin toxumasının siçanların qan dövranı sistemi ilə əlaqə yaratdığını və beynin əvvəlcədən hazırlanmış hissəsini böyük ölçüdə doldurduğunu müşahidə ediblər. Bəzi insan neyronlarının isə siçanların beyin hüceyrələri və onurğa beyni ilə əlaqə qurduğu bildirilib.

Alimlərin fikrincə, yeni model şizofreniya, epilepsiya, serebral iflic, əqli əlillik və bəzi demensiya növlərinin öyrənilməsi, eləcə də mümkün müalicə üsullarının sınaqdan keçirilməsi üçün istifadə oluna bilər.

Araşdırma eyni zamanda etik suallar doğurub. İnsan beyin toxumasının heyvanlara köçürülməsi heyvanların rifahı, eləcə də bu toxumaların ağrı və ya şüurla əlaqəli funksiyalar əldə edib-etməməsi barədə müzakirələrə səbəb olub.

Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)