Rusiyada yaşayan azərbaycanlı müğənni Coni son günlər haqqında yayılan məlumatlara münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək son bir həftə ərzində özü və komandasına çoxsaylı zənglər edildiyini açıqlayıb.
Coni onun şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə diqqət çəkərək məlumatların həqiqiliyinə şübhə ilə yanaşmağın vacibliyini vurğulayıb:
"Son bir həftə ərzində mənə və komandama şəxsiyyətim ətrafında yayılan xəbərlərlə bağlı hansısa reaksiya verməyimiz xahişi ilə yüzlərlə zəng daxil olub. Bəli, oxumuşam. Həyat yoldaşı və uşaq. Yeni ad. Yeri gəlmişkən, mənim xoşuma gəldi. Gözəl addır.
Bilirsiniz, zəmanəmizin əsas problemi nədir? Biz şübhə etməyi unutmuşuq. Bir görüntü görürük və dərhal ona inanırıq. Mənim səsimə bənzəyən bir səs eşidirsiniz və saniyələr ərzində mənə irad tutmağa, yaxud mənə hansısa damğa vurmağa hazırsınız".
Qeyd edək ki, son günlər Coninin adı şəxsi həyatı, evliliyi və ad-soyadını dəyişməsi ilə bağlı müxtəlif xəbərlərdə hallanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)