Şoyqu Paşinyanı tənqid etdi

17 Sentyabr 2026 18:08

İrəvan Rusiyanın Ermənistanda milyardlarla dollar sərmayə yatırdığı müəssisələri basqın yolu ilə ələ keçirməyə çalışır.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O bildirib ki, Rusiya 1990-cı illərdə Ermənistanı iqtisadi və enerji böhranından xilas edib, Avrasiya İqtisadi Birliyinə üzvlüyün on ili ərzində isə ölkə iqtisadiyyatı üç dəfə böyüyüb. Şoyqu əlavə edib ki, nununla belə, Nikol Paşinyan hökuməti Rusiya ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı gücləndirmək siyasəti yürüdür.

"Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə qarşı qeyri-dost münasibət və açıq-aşkar ikili standartlar tətbiq olunur. Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələr və bütöv sahələrlə bağlı baş verənləri "basqın yolu ilə ələ keçirmə"dən başqa cür adlandırmaq çətindir", - Sergey Şoyqu əlavə edib.

Rusiya Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bütün bunlarla yanaşı, İrəvan "açıq-aşkar absurd" arqumentlər irəli sürür: "Məsələn, Rusiyanın Ermənistan dəmir yollarındakı idarəçiliyinin davam etdirilməsi halında Ermənistanın beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanını itirməsi kimi".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)