Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)

17 Sentyabr 2026 16:08

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə alternativ marşrutlar təklif edib.

Milli.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, sərnişinlər "Dərnəgül" dəmiryol dayanacağından istifadə etməklə "28 May" istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa gedə bilərlər:

"Həmçinin Xırdalan və Biləcəridən qatarla "Dərnəgül" dayanacağına gələrək, buradan eyniadlı metro stansiyasına keçid etmək mümkündür. Sərnişinlər bu yolla "yaşıl xətt" üzrə, o cümlədən "20 Yanvar", "İnşaatçılar" və tələbə axınının yüksək olduğu "Elmlər Akademiyası" stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər".

ADY qeyd edib ki, qatarların hərəkət cədvəli qurumun saytında və "ADY Mobile" tətbiqində təqdim olunur.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)