Anomal isti hava Avropada kartof istehsalına ciddi zərər vurub. Məhsul qıtlığı fonunda qiymətlərin artması və kartof-fri porsiyalarının kiçilməsi gözlənilir.
Milli.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"Energy and Climate Intelligence Unit" təşkilatının hesablamalarına görə, ekstremal hava şəraiti təxminən 3,1 milyon ton məhsulu məhv edib. Bundan əlavə, 2025-ci ildəki rekord məhsuldan sonra qiymətlərin ucuzlaşması fermerlərin əkin sahələrini azaltmasına səbəb olub və daha 3,6 milyon ton kartof əkilməyib.
Almaniya, Fransa, Belçika və Niderlandda kartof istehsalının ötənilki 27,3 milyon tonluq rekord göstəricidən 19,5-20,5 milyon tona düşəcəyi proqnozlaşdırılır.
Fransada bəzi bölgələrdə məhsuldarlıq 20 faizədək azalıb. Qıtlıq qiymətlərə də təsir edib. Emal üçün nəzərdə tutulan kartofun bir tonu bəzi Avropa ölkələrində ötənilki 30 avrodan 250 avroyadək bahalaşıb. Fransada isə ərzaq kartofunun bir tonunun qiyməti 310 avrodan 520 avroya yüksəlib.
Ekspertlər bildirirlər ki, mövcud ehtiyatlar təxminən Milad bayramına qədər kifayət edə bilər. Lakin Pasxa ərəfəsində kartof çatışmazlığının mağazalarda daha ciddi hiss olunacağı gözlənilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)