ABŞ-ın kosmosda yerləşdirdiyi orbital silahların Rusiya və Çinə məxsus rabitə peyklərinin fəaliyyətini müvəqqəti məhdudlaşdırmaq imkanına malik olduğu bildirilir.
Milli.Az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin kosmosda silah yerləşdirildiyini təsdiqləməsi həmin sistemlərin imkanları ilə bağlı müxtəlif müzakirələrə səbəb olub. Lakin silahların konkret xüsusiyyətləri barədə açıqlanan məlumatlar məhduddur.
Bildirilir ki, ABŞ-ın hazırda istifadə etdiyi sistemlərin əsas məqsədi Rusiya və Çin peyklərini məhv etmək deyil, onların rabitə imkanlarını müəyyən müddətə pozmaqdır.
ABŞ arsenalında 2020-ci ildən istifadə olunan "Counter Communications System", 2026-cı ilin iyulundan istismara verilən daha kiçik və mobil "Meadowlands" sistemi, həmçinin istifadədən çıxarılması nəzərdə tutulan daha yüksək mobilliyə malik "Remote Modular Terminal" yer alır.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Meynk Pentaqonun kosmosa nəzarət məqsədilə hazırlanmış hücum silahlarını orbitə yerləşdirdiyini ilk dəfə təsdiqləyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)