Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirləri açırlar. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Bəs ofis işıqları həqiqətən dərinin qocalmasına səbəb olur?
Milli.Az xəbər verir ki, türkiyəli dermatoloq Elif Afacan Yıldırım bildirib ki, "ofis qocalması" tibbi diaqnoz deyil və dermatologiyada qəbul edilmiş elmi anlayış hesab olunmur.
Onun sözlərinə görə, bu ifadə uzun iş saatları, stress, yuxusuzluq, kondisionerli və quru hava, hərəkətsizlik və uzun müddət ekran qarşısında qalmaq kimi amillərin insanın dərisini daha quru, solğun və yorğun göstərməsini ifadə edir.
Mütəxəssis qeyd edib ki, kompüter ekranını günəşlə eyniləşdirmək düzgün deyil. Ekranlardan mavi işıq yayılsa da, onların dəriyə çatdırdığı enerji günəş işığı ilə müqayisədə olduqca aşağıdır. Mövcud məlumatlara əsasən, normal kompüter və telefon istifadəsinin dəridə nəzərəçarpacaq qocalmaya və ləkələnməyə səbəb olduğunu göstərən kifayət qədər sübut yoxdur.
Dermatoloq ofis şəraitində dərinin qurumasının əsas səbəblərindən birinin mavi işıq deyil, kondisioner, isitmə sistemləri və aşağı rütubət olduğunu vurğulayıb.
O bildirib ki, standart ofis işıqlandırmasından qorunmaq üçün masa arxasında çətir və ya üz maskasından istifadə etməyə gərək yoxdur. Pəncərə kənarında işləyən və uzun müddət birbaşa günəş işığına məruz qalan şəxslər üçün isə kölgələnmə faydalı ola bilər.
Mütəxəssis sağlam dəri üçün kifayət qədər su içməyi, yuxu rejiminə diqqət etməyi, uzun müddət fasiləsiz işləməməyi və hərəkət üçün fasilələr verməyi də tövsiyə edib.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)