Tarixi-dini memarlıq nümunələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin formalaşdırılması birgə fəaliyyətin başlanğıc nöqtələrindən biri ola bilər.
Milli.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, hər bir dini memarlıq nümunəsinin özünəməxsus quruluşu, yaranma və formalaşma tarixi, eləcə də əsrlər ərzində həmin məkanda formalaşmış istifadə və ibadət ənənələri var.
"Bu baxımdan, zəruri hallarda memarlıq, tarix, arxeologiya və bərpa-konservasiya üzrə mütəxəssislərlə yanaşı, ilahiyyatçı ekspertlərin də prosesə cəlb olunması faydalı ola bilər. Çünki biz hər bir dini abidənin bərpası zamanı onun tarixi orijinallığının, dini-mənəvi məzmununun və özünəməxsus xüsusiyyətlərinin mümkün qədər qorunmasına çalışmalıyıq", - R.Məmmədov deyib.
Komitə sədri qeyd edib ki, dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir.
Onun sözlərinə görə, hər bir məscid, ziyarətgah, türbə və digər tarixi-dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət tikili deyil, xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcısıdır.
R.Məmmədov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri də tarixi və dini abidələrin bərpasıdır.
"Burada məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır", - o əlavə edib.
Komitə sədri bildirib ki, tarixi-dini abidənin bərpası prosesin sonu deyil, yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var.
R.Məmmədov əlavə edib ki, Mədəniyyət Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında tarixi-dini irsin qorunması sahəsində sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət təcrübəsi formalaşıb. Abidələrin hüquqi statusu, texniki vəziyyəti, istifadə forması və mövcud problemləri barədə məlumatların operativ şəkildə bölüşülməsi prioritetlərin düzgün müəyyənləşdirilməsinə və gələcək işlərin daha səmərəli planlaşdırılmasına imkan verir.
Qeyd edək ki, Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir.
Konfransda mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, dövlət qurumlarının nümayəndələri, eləcə də müvafiq sahə üzrə mütəxəssislər iştirak edirlər.
Tədbirin əsas müzakirə mövzularını Azərbaycanda tarixi-dini abidələrin qorunması, mühafizəsi və bərpası, bu sahədə mövcud çağırışların müəyyənləşdirilməsi, həmçinin milli-mədəni və dini irsin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər təşkil edir.
Konfrans çərçivəsində tarixi-dini abidələrin qorunmasında dövlət qurumlarının, dini icmaların, elm və təhsil müəssisələrinin əməkdaşlığı, abidələrin tədqiqi və bərpasında müasir yanaşmalar, eləcə də bu istiqamətdə gələcək fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)