Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza

17 Sentyabr 2026 10:20

Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubu azarkeşlərinin davranışı səbəbindən cəzalandırılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi çempionatın VII turunda "Əl-Taavun"un "Əl-Hilal"a 0:6 hesabı ilə məğlub olduğu görüşdə baş verən hadisə ilə bağlı qərar qəbul edib.

Belə ki, "Əl-Taavun" azarkeşləri matçın gedişində bir neçə dəfə mərhum portuqaliyalı futbolçu Dioqu Jotanın adını səsləndiriblər. Bununla onların "Əl-Hilal"ın yarımmüdafiəçisi və Jotanın yaxın dostu Ruben Neveşi təxribata çəkməyə çalışdıqları bildirilib.

Qərara əsasən, "Əl-Taavun" çempionatda növbəti iki ev oyununu azarkeşsiz keçirəcək. Klub, həmçinin 23 min avro məbləğində cərimələnib. Cəza İntizam Reqlamentinin 51-2-ci maddəsinin pozulmasına görə tətbiq olunub və 39-4-cü maddəyə əsasən sərtləşdirilib. Qərarın yekun olduğu və apellyasiya imkanının olmadığı bildirilib.

Ruben Neveş isə azarkeşlərin davranışına reaksiyasını jestlə ifadə edib. O, əvvəlcə barmağını göyə, daha sonra gözlərinə və tribunaya yönəldərək "Tanrı hər şeyi görür" mesajını çatdırıb.

Qeyd edək ki, Dioqu Jota 2025-ci ilin iyulunda 28 yaşında İspaniyanın Samora əyalətində baş verən yol qəzasında həyatını itirib. O, hadisə zamanı qardaşı Andre Silva ilə birlikdə olub. Araşdırmaya əsasən, qəza zamanı avtomobilin təkərinin partlaması nəticəsində nəqliyyat vasitəsi yoldan çıxıb və yanıb.
 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)