Oğlunu öldürmək istəyini “ChatGPT”yə danışdı - Həbs olundu

17 Sentyabr 2026 09:44

Braziliyada 36 yaşlı fermer "ChatGPT" ilə yazışmalarında 8 yaşlı oğlunu öldürmək, insanlara və polisə hücum etmək, daha sonra isə intihar etmək planlarından danışdığı üçün həbs edilib.

Milli.Az xəbər verir ki, "BBC News Brasil"in əldə etdiyi mesajlara əsasən, kişi hətta özü və oğlunun öldürülməsi üçün bir şəxsə 50 min dollar təklif etdiyini yazıb.

Məlumata görə, "OpenAI" yazışmaları FBI-a, daha sonra isə Braziliya hakimiyyətinə ötürüb. Fermer iyunun 19-da saxlanılıb. Evində naməlum maddələr olan şüşələr və düyünlü ip də aşkarlanıb.

54 gün həbsdə qaldıqdan sonra avqustun 13-də sərbəst buraxılan şəxs elektron monitorinqə götürülüb və oğluna yaxınlaşması qadağan edilib. Hələlik ona qarşı ittiham irəli sürülməyib.

Müdafiə tərəfi isə onun cinayət törətmədiyini, "ChatGPT"də sadəcə cəfəngiyyat yazdığını bildirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)