Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır

17 Sentyabr 2026 03:03

Gecə yuxusu zamanı işığı açıq qoymaq ürəyin quruluşu və funksiyasında potensial zərərli dəyişikliklərə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə saatlarında işığa məruz qalma ilə ürək-damar problemləri arasındakı əlaqə araşdırılıb.

Tədqiqatçılar ürək-damar xəstəliyi olmayan 11 071 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar gecə ərzində işıq və hərəkət sensorları olan cihazlardan istifadə edib, bir neçə il sonra isə ürək MRT-si müayinəsindən keçiblər.

Araşdırmada pəncərədən otağa düşən küçə işıqları, elektron saatların və müxtəlif cihazların LED işıqları mümkün işıq mənbələri kimi nəzərə alınıb.

Ən yüksək işıq məruz qalması olan qrupda ən qaranlıq şəraitdə yatanlarla müqayisədə sol mədəciyin orta hesabla 2,4 faiz böyüdüyü, ürək divarının 1,5 faiz qalınlaşdığı və ürəyin yığılma qabiliyyətinin 1,9 faiz azaldığı müəyyən edilib.

Bundan əlavə, ən çox işığa məruz qalan şəxslərdə ürək çatışmazlığı riskinin 29 faiz, infarkt riskinin 24 faiz, insult riskinin 33 faiz, ürək-damar xəstəliklərindən ölüm riskinin isə 26 faiz daha yüksək olduğu aşkarlanıb.

Mütəxəssislər yatarkən otağı mümkün qədər qaranlıq saxlamağı, qalın pərdələrdən istifadə etməyi, isti rəngli və zəif işıqlandırmaya üstünlük verməyi, elektron cihazların kiçik LED işıqlarını söndürməyi tövsiyə edirlər.  (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)