Filippində güclü yağış və daşqınlar cütlüyün toy planlarına mane ola bilməyib. Su altında qalan kilsədə keçirilən qeyri-adi nikah mərasimi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, Gilbert Çiko və Lian Liza Çiko toylarını Bulakan əyalətinin Haqonoy bələdiyyəsində yerləşən tarixi Müqəddəs İohann kilsəsində keçirməyi planlaşdırıblar.
Lakin mərasimdən bir qədər əvvəl bölgədə güclü leysan başlayıb və genişmiqyaslı daşqın yaranıb. Su küçələrlə yanaşı, kilsənin daxilinə də dolub. Buna baxmayaraq, cütlük toy mərasimini təxirə salmaqdan imtina edib.
"Biz bu günü çoxdan gözləyirdik və yağışla daşqının evlənməyimizə mane olmasını istəmədik. Bəlkə də təsəvvür etdiyimiz toy belə deyildi, amma bu günü heç vaxt unutmayacağıq", - cütlük bildirib.
Kilsə nümayəndələri əvvəlcə təhlükəsizlik səbəbindən toyun başqa tarixə keçirilməsini məsləhət görüblər. Lakin gəlin qərarından dönməyib. Suyun çəkilməyəcəyi məlum olduqdan sonra o, gəlinliyinin uzun ətəyini təcili şəkildə qısaltdırıb.
Cütlüyün yaxın dostları və qohumları da çətin hava şəraitinə baxmayaraq, mərasimə gələrək onlara dəstək olublar.
Şəraitə görə nikah mərasimi qısaldılmış formada keçirilib. Gəlin isə bəzi yerlərdə topuğa, bəzi hissələrdə isə daha dərin səviyyəyə çatan suyun içindən keçərək mehraba doğru irəliləyib.
Qeyri-adi toy mərasimindən çəkilən görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və dünyanın müxtəlif ölkələrindən istifadəçilərin diqqətini çəkib. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)