Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

16 Sentyabr 2026 15:29

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur".

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva açıqlayıb.

Onun sözlərinə görə, açıq havada gəzinti hamiləlik zamanı ən sadə, təhlükəsiz və faydalı fəaliyyət növlərindən biridir:

"Gündəlik 30-45 dəqiqəlik templi gəzinti toxumaların oksigenlə təmin olunmasını yaxşılaşdırır, həzm sisteminin fəaliyyətini tənzimləyir və qan dövranına müsbət təsir göstərir. Hamilə qadınlar üçün üzgüçülük, xüsusi gimnastika, hamilə yoqası və pilates uyğun idman növləri hesab olunur. Bu fəaliyyətlər əzələləri gücləndirir, onurğaya düşən yükü azaldır və doğuşa hazırlıq prosesinə kömək edir. Lakin qarın nahiyəsinə zərbə riski yaradan kontakt idman növləri, at sürmə və kəskin tullanmalar tövsiyə edilmir".

R.İsayeva bildirib ki, oturaq həyat tərzi isə hamiləlik zamanı müəyyən riskləri artıra bilər:

"Hamiləlik dövründə qan laxtalanma sistemi fizioloji olaraq daha aktiv vəziyyətə keçir. Uzun müddət hərəkətsiz qalmaq aşağı ətraflarda qan durğunluğuna, varikoz genişlənməsinə və tromboemboliya riskinin yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, kifayət qədər hərəkət etməyən qadınlarda həddindən artıq çəki artımı, hestasion diabet və doğuş fəaliyyətinin zəifləməsi daha çox müşahidə olunur. Sağlam gələcək ana bətnində formalaşır. Qadının hamiləlik dövründə qidalanmasına, fiziki aktivliyinə və gündəlik rejiminə göstərdiyi diqqət dünyaya gələcək körpənin sağlam inkişafı üçün ən mühüm amillərdən biridir".

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)