"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

16 Sentyabr 2026 14:25

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir.

Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər.

Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hansı digər əlamətlərlə müşayiət olunduğu da diaqnoz üçün əhəmiyyətlidir.

Türkiyəli həkim Esma Seda Akalının sözlərinə görə, böyüklərdə 8 həftədən çox davam edən öskürək xroniki öskürək hesab olunur. Lakin müayinə üçün bu müddətin tamamlanmasını gözləmək lazım deyil.

Xroniki öskürəyə astma, bronxoektaziya, müxtəlif infeksiyalar, reflüks, burun və sinus xəstəlikləri səbəb ola bilər.

Mütəxəssislər gecə və ya səhərə yaxın güclənən, soyuq hava və fiziki fəaliyyət zamanı yaranan öskürəyin astma ilə əlaqəli ola biləcəyini qeyd edirlər. Bəzi hallarda astma yalnız uzunmüddətli öskürəklə özünü göstərir. Bu vəziyyət "öskürək variantlı astma" adlanır və xırıltı və ya nəzərəçarpan nəfəs darlığı olmadan da müşahidə edilə bilər.

Səhərlər bəlğəmlə müşayiət olunan xroniki öskürək isə xüsusilə tütün istifadə edən şəxslərdə xroniki bronxit kimi qiymətləndirilməlidir. Mütəxəssislər "siqaret çəkirəm, öskürməyim normaldır" düşüncəsinin xəstəliyin gec aşkarlanmasına səbəb ola biləcəyini vurğulayırlar.

Xroniki öskürək zamanı ilkin mərhələdə ətraflı müayinə, ağciyər rentgenoqrafiyası və tənəffüs funksiyası testləri aparılır. Həkimlər hər keçməyən öskürək zamanı birbaşa KT müayinəsinə ehtiyac olmadığını, müayinələrin xəstənin şikayətləri və risk faktorlarına əsasən müəyyənləşdirildiyini bildirirlər.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)