"Real"ın fransalı hücumçusu Kilian Mbappe ilə PSJ arasındakı hüquqi mübahisə ilə bağlı yeni qərar verilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi Mbappenin PSJ-yə 60 min avro ödəməsinə qərar çıxarıb.
Bu məbləğin 2025-ci ildə PSJ-nin bank hesablarına tətbiq olunan həbs tədbiri ilə əlaqədar kompensasiya xarakteri daşıdığı bildirilib.
Xatırladaq ki, Kilian Mbappe 2024-cü ilin avqustunda PSJ-dən ayrılaraq "Real"a keçib. Bundan sonra futbolçu Paris klubuna qarşı 60 milyon avro məbləğində iddia qaldırıb. O, müqavilə üzrə nəzərdə tutulan bonus və mükafatların ona ödənilmədiyini bildirib.
2025-ci ilin aprelində Mbappenin vəkillərinin müraciəti əsasında PSJ-nin bank hesablarına təminat tədbiri tətbiq olunub. Klubun hesabları aprelin 10-dan mayın 25-dək bloklanıb.
Dekabr ayında isə məhkəmə PSJ-nin Kilian Mbappeyə təxminən 61 milyon avro ödəməli olduğu barədə qərar qəbul edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)