Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)

16 Sentyabr 2026 10:04

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Məkkənin hava məkanına daxil olmağa çalışan pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Maliki bildirib ki, Səudiyyə Ərəbistanı Kral Hava Hücumundan Müdafiə Qüvvələri husilər tərəfindən buraxıldığı bildirilən PUA-nı Məkkənin cənubunda, şəhərin məhdud hava məkanına daxil olmamışdan əvvəl aşkar edib.

Məlumata görə, pilotsuz uçuş aparatı daha sonra ələ keçirilərək məhv edilib.

Turki əl-Maliki hadisəni Məkkəyə qarşı ikinci belə cəhd kimi qiymətləndirib. O, Həcc və Ümrə zəvvarlarının təhlükəsizliyinin "qırmızı xətt" olduğunu bildirib.

Bununla belə, husilər Məkkə və Səudiyyə Ərəbistanındakı digər müqəddəs məkanların Yəməndən gələn təhlükə ilə hədəf alındığı barədə iddiaları rədd ediblər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)