Bakıda ikimərtəbəli yaşayış evinə üçüncü mərtəbə artırılır. Amma ətraf hasarlanmayıb, təhlükəızsizlik toru çəkilməyib. Piyadalar tikintinin altından keçərək gündəlik alış -veriş etdikləri ərzaq mağazasına girirlər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Yasamal rayonu, Kamil Əliyev küçəsində yerləşən evdən gedir.
Sakinlər iddia edirlər ki, daim keçdikləri bu ərazidə aparılan tikintidə təhlükəsizlik qaydalarına riayət olunmur.
Təxminən 40 dəqiqə gözlədik ki, tikintini aparan şəxs iddialara aydınlıq gətirsin. Amma əksi oldu -ev sahibinin əvəzinə, onun qonşuları çəkliş qrupumuzu təhdid etdilər.
Ərazi polis bölməsinin əməkdaşları şəxsi uzaqlaşdırdılar.
Bu dəfə isə tikintini aparan şəxs yaxınlaşdı, torpağın çıxarışının olduğunu dedi. "Tikintiyə izacəsi varmı və yaxud təhlükəsizlik tədbirlərinə riayət olunurmu" sualını isə cavablandırmadı.
Hətta çəkliş etdiyimizə görə bizi təhdid də elədi.
Yasamal Rayon İcra Hakimiyyətindən bildirildi ki, yaşayış evinin çıxarışı var, amma ikinci və üçüncü mərtəbənin tikintisinə hansı qurumun icazə verdiyi araşdırılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)