Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda

15 Sentyabr 2026 18:54

Müğənni Afət Fərmanqızı həmkarı Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə A.Fərmanqızının vəkili Asim Abbasov deyib.

O, bildirib ki, A.Fərmanqızı Dəniz Əsədovanın onun barəsində sosial şəbəkələrdə təhqir və böhtan xarakterli məlumatlar yaymasını bildirib:

"Ona görə də Afət Fərmanqızı müğənni barədə xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Artıq iş icraata götürülüb. Hazırda iş hakim Vüsal Tağıyevin icraatındadır. İş üzrə məhkəmə prosesinin vaxtı sentyabrın 22-nə təyin olunub.

Xatırladaq ki, müğənni Dəniz Əsədovanın vəkili Mirzə Xankişiyev də müvəkkilinin A.Fərmanqızı barədə məhkəməyə müraciət etdiyini bildirib. Həmin proses sentyabrın 22-də Saatlı Rayon Məhkəməsində keçiriləcək.

-----------

Müğənni Dəniz Əsədova Rusiyada fəaliyyət göstərən müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dəniz Əsədovanın vəkili Mirzə Xankişiyev bildirib ki, Afət Fərmanqızının xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə səbəb onun müğənni həmkarına qarşı sosial şəbəkələr vasitəsilə təhqir və böhtanlara yol verməsidir.

Vəkilin dediyinə görə, Afət Fərmanqızı sosial şəbəkələrdə canlı yayıma çıxaraq Dəniz Əsədova ilə yanaşı onun azyaşlı övladlarına qarşı da təhqiramiz ifadələr işlədib. Buna görə müğənniyə dəfələrlə xəbərdarlıq edilsə də, o əməllərini davam etdirib.

Vəkilin sözlərinə görə, müğənninin təhqirlərinin qarşısını almaq üçün müvəkkili aidiyyəti üzrə digər müraciətlər də edib.

Qeyd edək ki, xüsüsi ittiham qaydasında CM-nin 147 və 148-ci maddələri ilə Dəniz Əsədovanın şikayəti icraata götürülərək məhkəmənin vaxtı müəyyən edilib.

Proses sentyabrın 22-də Saatlı Rayon Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də eyni maddə ilə məhkəməyə verilmişdi.

Qeyd edək ki, CM-in 147-ci maddəsi üzrə şəxsin təqsiri sübuta yetirilərsə, 147.1. maddəsi üzrə (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-in 148-ci maddəsi (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) üzrə təqsiri sübuta yetirilən şəxs isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)