Bu ilin 8 ayında Azərbaycanın neft ixracı dəyər ifadəsində 10,6 faiz artıb.
Milli.Az xəbər verir ki, Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-avqust aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 14,678 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. İxracın dəyəri 9,282 milyard ABŞ dolları təşkil edib.
Komitənin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 886 milyon ABŞ dolları və ya 10,6 faiz çoxdur. Bununla yanaşı, ixracın fiziki baxımdan həcmi 1,247 milyon ton və ya 7,8 faiz azalıb.
Qeyd edək ki, komitənin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.
Vurğulanır ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 120 milyon ABŞ dolları və ya 3,49 faiz artıb.
Qeyd olunur ki, xarici ticarət dövriyyəsinin ümumi həcminin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Komitənin məlumatları əsasındaTrend-in apardığı hesablamalara görə, beləliklə, son bir ildə ixrac 4 milyard 750 milyon dollar və ya 27,83 faiz artıb, idxal isə 3 milyard 630 milyon dollar və ya 24,11 faiz azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 10 milyard 392 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,2 dəfə artıb.