Azərbaycanın nefti 127 dollara yüksəldi

15 Sentyabr 2026 09:52

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,27 ABŞ dolları və ya 6,06 faiz artaraq 127,29 dollar/barelə yüksəlib.

Milli.Az xəbər verir ki, bu barədə neft bazarı iştirakçıları məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" neftinin bir barelinin qiyməti 7,13 dollar və ya 6,22 faiz artaraq 121,71 dollar təşkil edib.

"Urals" markalı neftin qiyməti isə 6,41 dollar və ya 7,08 faiz yüksələrək 96,94 dollar/barelə çatıb.

Şimal dənizində hasil olunan "Dated Brent" markalı neftin qiyməti də 10,72 dollar və ya 9,04 faiz artaraq 129,28 dollar/barel olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.

"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti çərşənbə axşamı 103 dollar/bareldən yuxarı qalxıb. Bildirilib ki, artım qlobal neft təchizatı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda baş verib.

Məlumata görə, Səudiyyə Ərəbistanının Hörmüz boğazına alternativ marşrut kimi istifadə olunan "Şərq-Qərb" neft kəmərinin fəaliyyəti pilotsuz uçuş aparatlarının hücumlarından sonra hələ də dayandırılıb. Kəmərin nə vaxt bərpa ediləcəyi ilə bağlı isə dəqiq məlumat yoxdur.

Bu arada, İranın Körfəz ölkələri ilə Hörmüz boğazında yaranmış vəziyyəti müzakirə etmək üçün planlaşdırılan diplomatik görüşü təxirə salınıb.

İran həmçinin bildirib ki, məhdudlaşdırılmış əraziyə daxil olmağa çalışan supertanker minalara toxunaraq partlayıb. Tehran tələbləri yerinə yetirilməyənədək ABŞ-la danışıqlara getməyəcəyini açıqlayıb.

Şərqi Avropada isə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya da eyni addımı atacağı təqdirdə Kiyevin Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa hazır olduğunu bildirib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Moskva və Kiyevin bir-birinin enerji infrastrukturuna zərbələri dayandırmaq barədə artıq razılığa gəldiyi ilə bağlı iddiası ilə ziddiyyət təşkil edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)