Mbappe sabiq klubuna təzminat ödəyəcək

14 Sentyabr 2026 23:54

Kilian Mbappe ilə PSJ arasındakı hüquqi mübahisədə yeni qərar qəbul edilib.

Milli.Az xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi "Real"ın hücumçusunu sabiq klubuna 60 min avro təzminat ödəməyə məhkum edib. Qərar 2025-ci ilin aprelində Mbappenin vəkillərinin PSJ-nin bank hesablarına qoyduğu müvəqqəti həbs tədbirinin klub üçün yaratdığı maliyyə itkiləri ilə bağlıdır. Hesabların 45 gün dondurulması PSJ-ni təcili kredit xətti açmağa məcbur edib.

Məhkəmə klubun kredit xətti ilə bağlı xərclərini nəzərə alsa da, mənəvi, imic və reputasiya zərərinə görə kompensasiya tələbini rədd edib. 

Xatırladaq ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən 60 milyon avro ödənilməmiş bonus və mükafat tələb edib. 2025-ci ilin dekabrında Paris Əmək Məhkəməsi klubun futbolçuya 61 milyon avro ödəməsinə qərar verib və PSJ bu məbləği ödəyib. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)